SOCAR və Fransanın “Technip Energies” şirkətləri dəniz yataqlarında davamlı enerjinin inkişafı üzrə əməkdaşlığa dair razılığa gəliblər.
“Cümə axşamı SOCAR və “Technip Energies” şirkətləri arasında “Upstream Sektorunda Davamlı İstehsal üçün Əməkdaşlıq Sazişi” imzalanıb. Saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq”, - SOCAR-ın mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft-qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.
“Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır”, - şirkətdən qeyd olunur. **
N.Abbasova