OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatı üzrə proqnozu 770 min barel səviyyəsində proqnozlaşdırır. Bu barədə kartelin aylıq hesabatında qeyd edilir.
Öncə OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatını 790 min barel səviyyəsində proqnozlaşdırıb.
“2020-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalı 0,73 milyon barel təşkil edib. Hazırda 2021-ci ilin yekunları üzrə bu göstəricinin gündəlik 0,04 milyon barel – 0,77 milyon barelədək, 2022-ci ildə - daha 0,03 milyon – 0,8 miılyon barelədək artımını gözləyir”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi hesabatda qeyd olunur.
Kartelin məlumatına görə, 2021-ci ilin may ayında Azərbaycanda maye karbohidrogenlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,02 milyon barel - 0,72 milyon barelə qədər artıb.
May ayında xam neftin hasilatı aprel ayı ilə müqayisədə 0,01 milyon barel – 0,59 milyon barelədək artı, kondensat hasilatı dəyişməyib və 0,13 miılyon barel təşkil edib.
Eyni zamanda, 2021-ci ilin ikinci rübündə kondensat hasilatı cari ilin birinci rübü ilə müqayisədə gündəlik 0,19 milyon bareldən 0,13 milyon barelədək azalıb.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.**
N.Abbasova