“Silk Way West Airlines” aviaşirkəti iyulun 15-dən Bakıdan Mumbay şəhərinə yük daşımalarının həyata keçirilməsinə başlayıb.
“Yüklər Hindistanın ən vacib beynəlxalq hava yükdaşımaları məntəqələrindən olan Mumbay Çhatrapati Şivaci Beynəlxalq Hava Limanından Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılacaq”, - deyə aviaşirkətin məlumatında bildirilir.
Reyslər həftənin cümə axşamı günü yerinə yetiriləcək.
Cari ilin iyun ayında aviaşirkət Bakını Dehli İndira Qandi Beynəlxalq Hava Limanı ilə birləşdirib və həftəlik “Boeing-747F” reyslərini yerinə yetirməyə başlayıb
“Silk Way West Airlines” hava yolu yükdaşıma şirkətinin əsası 2012-ci ildə Bakıda qoyulub. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 350 min ton təşkil edir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” ayda 40 istiqamət üzrə 350-yə yaxın uçuş həyata keçirir. Aviaşirkətin donanması ən müasir təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 ədəd “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir.*
N.Abbasova