2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 23,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6% artıb.
Hesabat dövründə sənaye məhsulunun 62,6%-i mədənçıxarma sektorunda, 31,3%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 80,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 78,2%, elektrik avadanlıqlarının istehsalı 60,6%, maşın və avadanlıqların istehsalı 48,3%, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1%, tikinti materiallarının istehsalı 40,2%, kağız və karton istehsalı 34,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 24%, geyim istehsalı 10,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4%, qida məhsullarının istehsalı 8,1%, neft məhsullarının istehsalı 5,5%, hazır metal məmulatlarının istehsalı 3,4% artıb.
Yanvar-iyun aylarında içkilərin istehsalı 5%, kimya sənayesi məhsullarının istehsalı 5,3%, mebel istehsalı 24,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1%, poliqrafiya məhsullarının istehsalı 52,9%, sair nəqliyyat vasitələrinin istehsalı 69,1% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,2% artıb.
2020-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi COVID-19 infeksiyası ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunması və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması fonunda 5% azalıb.*
N.Abbasova