SOCAR 2021-ci ilin yanvar-iyun aylarında 3 milyon 912,822 min ton neft hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2020-ci ilin I yarısında şirkət tərəfindən 3 milyon 762,358 min ton neft hasil edilib. Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında neft hasilatı 4% artıb.
SOCAR tərəfindən qaz hasilatı 3 milyard 871 milyon 276,941 min kubmetr (artım 6,3%) təşkil edib.
Bununla yanaşı, 2021-ci ilin II rübündə şirkət tərəfindən 1 milyon 988,147 min ton neft və 1 milyard 954,781 milyon kubmetr qaz hasil edilib. 2020-ci ilin II rübünün göstəriciləri ilə müqayisədə neft hasilatı 8%, qaz hasilatı 7% artıb.
“COVID-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, SOCAR 2020-ci ildə 7 milyon 407,206 min ton neft (2019-cu illə müqayisədə azalma 3,6%) və 7 milyard 344,012 milyon kubmetr qaz (artım 7,7%) hasil edib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
OPEC+ ölkələri nazirlərinin 1 aprel 2021-ci il tarixində keçirilən 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılmalıdır. Cari ilin yanvar-aprel aylarında kvota 595 min barel təşkil edib.*
N.Abbasova