Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi üçün 5 milyon manat ($2,94 milyon) vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait tənzimləyici beton bəndin (uzunluğu 235 metr, hündürlüyü 12 metr) tikintisinin başa çatdırılmasına yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılacaq.
Prezident İlham Əliyev 2017-ci il yanvarın 11-də Ordubad Su Elektrik Stansiyasının təməlini qoyub. Derivasiya tipli stansiya Araz çayı üzərində inşa edilir. Derivasiya tipli kanalın uzunluğu 12,738 km olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.
Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq və elektrik enerjisinin illik istehsal həcmi 191 milyon kVt/saat təşkil edəcək.
İndiyədək stansiyanın tikintisinə dövlət büdcəsindən 13,5 milyon manat ayrılıb.*
N.Abbasova