2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 419 milyon 933,15 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 26,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $14 milyard 202 milyon 262,11 min (2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 12% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $8 milyard 811 milyon 97,63 min (artım 14,6%), idxalın həcmi $5 milyard 391 milyon 164,48 min (artım 8%) təşkil edib.
İxracın strukturunda əsas həcm (86,81%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 16,87% ərzaq məhsullarının, 0,94% tütün və tütün məhsullarının, 4,7% əczaçılıq məhsullarının, 0,53% gübrələrin, 3,13% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2, 68% odun və agac məhsullarının, 1,99% geyim və geyim aksessuarlarının, 6,62% qara metal və ondan hazırlanan məmulatların, 24,92% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 11,27% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,8% mebelin, 25,55% digər məhsulların payına düşüb.
Yanvar-iyun aylarında xarici ticarət əməliyyatlarında 6,868 min özəl və dövlət müəssisəsi və 27,737 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 171 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyun aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 35,88%-i), Türkiyə (15,74%), Rusiya (4,75%), Gürcüstan (4,42%), Hindistan (4%), İspaniya (3,89%), İsrail (3,68%), Portuqaliya (2,89%), Xorvatiya (2,59%) və Ukrayna (2,33%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,14%), Türkiyə (15,17%), Çin (12,94%), Almaniya (6,33%), ABŞ (4,27%), Ukrayna (4,06%), İtaliya (4,03%), İran (3,36%), Böyük Britaniya (2,55%) və Yaponiya (2,11%) ilə həyata keçirib.*
R.Əhmədov