“Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyəti (“Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxildir) ilə imzalanmış müqavilə çərçivəsində 20 yeni metro vaqonu alıb.
“İyunun sonunda “Metrovaqonmaş” ASC hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibini Bakıya yola salıb. Bu qatarlar “Nərimanov” elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq”, - deyə “Bakı Metropoliteni”ndən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Bununla da “Bakı Metropoliteni”ndə müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.
2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” ASC arasında imzalanmış müqaviləyə əsasən, Rusiya şirkəti Bakı metrosu üçün 81-765.4B/766.4B modelli 60 müasir tipli vaqon (hər birində 5 vaqon olmaqla 12 qatar tərkibi) istehsal edəcək. Müqavilə 2020-2023-cü illəri əhatə edir və Azərbaycana ildə 20 müasir vaqonun tədarükünü nəzərdə tutur.
“Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 300-dən çox vaqon var. 2018-2019-cu illərdə Bakıya 81-765.B/766.B modelində hər birində 5 vaqon olmaqla, 8 qatar gətirilib.*
N.Abbasova