Prezident İlham Əliyev Almaniyanın qərbində baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla əlaqədar Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə başsağlığı verib.
“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Prezident İlham Əliyev Belçikada baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılarla əlaqədar Belçikalıların Kralı Filipə də başsağlığı verib.
“Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”, - deyə dövlət başçısı vurğulayıb.
Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində 133 nəfər həlak olub. Təbii fəlakətdən ən çox ziyan çəkən Reynland-Pfalz federal əyalətində 90-dək insan həyatını itirib. Daha 43 nəfər isə qonşu Şimali Reyn-Vestfaliya əyalətində həlak olub.
Avropanın mərkəzi hissəsində daşqınlar həftənin ortalarında uzun sürən şiddətli yağışlar səbəbindən başlayıb. Kəskin hava şəraitinin təsirinə Almaniya ilə yanaşı, Niderland, Fransa və Belçikanın bir sıra regionları da məruz qalıb. Belçikada ən azı 27 nəfərdən çox insan həlak olub.*
E.Şəfiyev