Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında qəbul edilmiş qərarı dəstəkləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC+”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.
“Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaqdır”, - deyə məlumatda bildirilir.
İyulun 18-də OPEC+ ölkələri gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılması ilə bağlı razılığa gəlib.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclası 2021-ci ilin sentyabrın 1-də keçiriləcək.*