SOCAR “Bulla-dəniz” yatağında əlavə 17 hasilat quyusu qazmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
““Bulla-dəniz” yatağı Azərbaycanın təbii qaz təchizatında önəmli rola malikdir. Hazırda yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir. Yatağın tam miqyaslı işlənmə planı çərçivəsində əlavə 17 quyunun qazılması planlaşdırılır. Bu quyuların hər birindən gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz hasilatı gözlənilir”, - deyə məlumatda bildirilir.
Cari dövrdə yataqda 6 saylı özüldən 117 saylı quyunun qazılması davam etdirilir.
“Bundan başqa, 2022-ci ildə yataqda daha bir lay dəstəsinin neft-qaz potensialını dəqiqləşdirmək üçün axtarış quyusunun qazılması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
“Bulla-dəniz” yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır.*
N.Abbasova