SOCAR “Bulla-dəniz” yatağında həyata keçirilən geoloji tədbirdən sonra 123 saylı yüksək debitli quyunu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
“123 saylı quyu “Bulla-dəniz” yatağında 2017-ci ildə 6132 m dərinliyə qazılıb, indiyə qədər quyudan 104 min ton kondensat və 472 milyon kubmetr qaz hasil edilib. Son dövrdə quyuda istismar olunmuş lay üzrə hasilatın gündəlik 150 min kubmetrə qədər təbii azalması müşahidə olunub və əlavə tədbir görülməsinə ehtiyac yaranıb”, - deyə məlumatda bildirilir.
Aparılmış uğurlu tədbir seçimi nəticəsində quyu gündəlik 120 ton kondensat və 500 min kubmetr təbii qaz hasilatı ilə istismara verilib.
“Quyunun 2041-ci ilə qədər istismar olunması nəzərdə tutulur. Ümumilikdə 123 saylı quyudan 700 min tondan çox kondensat və 3 milyard kubmetrdən çox qazın hasil edilməsi proqnozlaşdırılır. Quyunun yüksək potensialını nəzərə alaraq, hasilatın artırılması istiqamətində işlər davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Hazırda yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir.
“Bulla-dəniz” yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır.*
N.Abbasova