Moskva və Bakı Azərbaycanda koronavirus əleyhinə vaksin istehsalının genişləndirilməsi üzərində işləyir. Bunu RF prezidenti Vladimir Putin deyib.
“Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib. Azərbaycan ərazisində istehsalın genişləndirilməsi üzərində işləyirik”, - deyə Putin bu gün Azərbaycan Prezidenti ilə görüşdə bildirib.
Öz növbəsində, İ.Əliyev koronavirusla mübarizədə Azərbaycana göstərdiyi köməyə görə Putinə təşəkkürünü bildirib.
“Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”, - deyə İ.Əliyev qeyd edib.
Azərbaycan Prezidenti Rusiyada işgüzar səfərdədir.*