Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycana qoşunların qarşılıqlı şəkildə çıxarılmasını və sərhədlərin demarkasiyası prosesinə başlamaq üçün Rusiya sərhədçilərinin yerləşdirilməsini təklif edib.
“Qoşunların sərhəddən qarşılıqlı şəkildə çıxarılması, Rusiya sərhədçilərinin və ya beynəlxalq müşahidəçilərin yerləşdirilməsi barədə təklifimizi təsdiq edirik. Bu, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə şərait yaradacaq”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, regionda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
Paşinyanın sözlərinə görə, Rusiya regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində aparıcı rol oynayır.
O deyib ki, Azərbaycan Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların, xüsusilə nəqliyyat kommunikasiyalarının açılması və Ermənistanın blokadadan çıxarılmasına dair bəndlərin icrasını pozmağa çalışır.
“Ermənistan regional kommunikasiyaların açılmasını vacib hesab edir. Biz bu istiqamətdə işləri davam etdirməyə hazırıq. Azərbaycanın bütün əsirlərin qaytarılması ilə bağlı yazılı öhdəliklərini yerinə yetirəcəyini gözləyirik”, - deyə Paşinyan qeyd edib.
O, Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
“Sülh və sabitliyin alternativi yoxdur və Ermənistan hökuməti regionda dinc inkişaf dövrünün açılması ilə bağlı mandatın həyata keçirilməsinə sadiqdir”, - Paşinyan bildirib.*