2021-ci ilin I yarısında Azərbaycan 173 min 634,56 ton polimer məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-iyun aylarında 171 milyon 930,56 min ton plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 34,1%, dəyər ifadəsində 1,8 dəfə artıb. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,953%, qeyri-neft ixracının strukturunda 14,79% təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-iyun aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 65 min 639,8 ton ($75 milyon 630,79 min) ilkin formada polietilenin, 40 min 48,1 ton ($51 milyon 950,81 min) ilkin formada polipropilenin, 11 min 870,05 ton ($19 milyon 952,6 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” şirkətinin zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu zavodların fəaliyyətindən şirkətin $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.*
N.Abbasova