Prezident İlham Əliyev bəyan edib ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb, I yarımillikdə ÜDM 2% artıb.
“Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, daha sevindirici məsələ odur ki, qeyri-neft sektoru 5 faizdən çox artıb.
Sənaye istehsalının 0,3% azaldığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. “Qeyri-neft sənayemiz 16,6% artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq”, - deyə prezident vurğulayıb.*
A.Əzizov