Qarabağda və Şərqi Zəngəzurda enerji infrastrukturunun yaradılması üzrə işlər 2021-ci ilin sonuna kimi başa çatacaq. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarında ermənilərə iki həftə möhlət veriləndən sonra onlar 12 su elektrik stansiyasını yandırıb dağıtmışdılar.
Prezident qeyd edib ki, xarici işirkətlər işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinə maraq göstərir. “200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin (BP) vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar”, - deyə İ.Əliyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın şaxələndirilmiş enerji şəbəkəsi var, bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətləri var. “Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik”, - deyə dövlət başçısı bildirib.*
A.Əzizov