Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terrorçu silahlı birləşmənin 13 üzvünə hökm oxunub.
Cinayət işi materiallarına əsasən, erməni silahlı dəstələri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədiblər. Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixində keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah ediliblər.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Erməni terrorçu silahlı birləşmənin üzvləri Cinayət Məcəlləsinin 5 maddəsi (terrorçuluq, qanunsuz olaraq silah saxlama, dövlət sərhədini qanunsuz olaraq keçmə və s.) ilə təqsirli biliniblər.*
R.Əhmədov