Azərbaycan Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirməyə davam edəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Bu məsələnin Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran İ.Əliyev deyib: “Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ermənistan postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.
Prezident qeyd edib ki, Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi çox müdrik bir addım idi. “Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”, - deyə o vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, əgər bu söz kiminsə xoşuna gəlirsə, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. “Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”, - deyə İ.Əliyev qeyd edib.*
A.Əzizov