Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və neçə maşının girib-çıxması ilə bağlı tam məlumata malikdir. Bunu Prezident İlham Əliyev deyib.
“Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb”, - deyə dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Qarabağda 25 min adam yaşayır. “Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.*
A.Əzizov