"Azərbaycan Dəmir Yolları" QSC Şuşa şəhəri (Qarabağ iqtisadi rayonu) istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işlərinə başlayıb. Bu barədə QSC-nin sədriCavid Qurbanovməlumat verib.
“Türkiyənin “Kalyon” şirkətinin iştirakı ilə Şuşa şəhəri istiqamətində layihələndirmə işləri artıq həyata keçirilir”, - Qurbanov cümə günü jurnalistlərə bildirib.
Eyni zamanda, o, dəmir yolunun uzunluğunu dəqiqləşdirməyib.
Qurbanov əlavə edib ki, hazırda ADY Qarabağda və Şərqi Zəngəzur bölgəsində (Ermənistanla sərhəddə - İF) 3 istiqamətdə dəmir yolunun layihələndirilməsi və tikintisi işlərini həyata keçirir: Horadiz-Naxçıvan (Ermənistanla sərhəddə qədər uzunluğu 115 km), Şuşa və Ağdam.
Eyni zamanda, o vurğulayıb ki, Ağdam şəhəri istiqamətində yerli şirkətin həayata keçirdiyi dəmir yolunun tikinti işləri artıq başlanılıb (Bərdə-Ağdam dəmir yolu - İF). “Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır. Lakin Marşrutun keçdiyi ərazinin minalardan təmizlənməsi zərurəti bu işlərin icrasını çətinləşdirir”, - Qurbanov deyib.
2020-ci ilin sonunda ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” QSC-yə 5 milyon manat ayrılıb (cari məzənnə ilə $2,94 milyon). **
X.Nəsirzadə, N.Abbasova