“Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verir.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” “Azərpoçt”a birləşdirilir. Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan “Azərpoçt” yerinə yetirəcək. Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır”, - nazirlikdən qeyd olunur.
Nazirliyin məlumatına görə, “Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.
“Yuxarıda qeyd edilən işlər bundan sonra “Azərpoçt”un tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək”, - məlumatda deyilir.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.**
N.Abbasova