2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5% - 15 milyard 258,1 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci ilin iyul ayının əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 914,6 milyon manat (hesabat dövründə artım 2,4% - İF) və ya bütün kreditlərin 5,99%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il iyulun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 882,3 milyon manat (artım 3,8%) və ya bütün kreditlərin 18,9%-i, özəl banklar tərəfindən 11 milyard 974,5 milyon manat (artım 5,2%) və ya bütün kreditlərin 78,5%-i həcmində kredit verilib. Qalan 401,2 milyon manat (artım 7,4%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyul ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 11 milyard 148,4 milyon manat (artım 9,3%) milli valyuta, 4 milyard 109,6 milyon manat (azalma 5%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 26,9% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il iyulun 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 557,9 milyon manat (bütün kreditlərin 16,8%-i) ticarət və xidmət sahələrinin, 748,5 milyon manat (4,9%) energetika, kimya və təbii sərvətlər sektorunun, 566,3 milyon manat (3,7%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 737,3 milyon manat (4,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 922 milyon manat (6%) sənaye və istehsal sektorunun, 820,9 milyon manat (5,4%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 323,1 milyon manat (48%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-iyun aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 9,1% artıb.**
X.Nəsirzadə