2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 555 milyon 92,7 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 115,2 min nəfər (azalma 16,5%), dəniz nəqliyyatı ilə 6,3 min nəfər (azalma 27,6%), hava nəqliyyatı ilə 345 min nəfər (azalma 22,7%) daşınıb.
Bundan başqa, yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 542 milyon 486,9 min sərnişin (azalma 13,1%) daşınıb.
Həmçinin, bu dövrdə avtobuslarla 495 milyon 196,5 min sərnişin (azalma 17,5%), taksilərlə 47 milyon 290,4 min sərnişin (artım 2 dəfə) daşınıb.
2021-ci il mayın 31-də fəaliyyətini bərpa edən Bakı metropoliteni ilə 11 milyon 138,8 min sərnişin (2020-ci ilin 6 ayı ilə müqayisədə azalma 5,8 dəfə - İF) daşınıb.
Xəbər verildiyi kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb (yalnız çarter və ayrı-ayrı ölkələrə xüsusi reyslər həyata keçirilib).
Bundan başqa, 2020-ci ilin mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.
Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Metropolitenin fəaliyyəti oktyabrın 19-dan 2021-ci il iyunun 1-dək yenidən dayandırılıb. 2021-ci il mayn 31-də Bakı metropoliteni fəaliyyətini yenidən bərpa edib. **
N.Abbasova