Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənbəyan ediblər
“Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır”, - XİN-in Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması ilə əlaqədar bəyanatında deyilir. .
XİN vurğulayır ki, “Ermənistan tərəfinin davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri” qəbuledilməzdir.
“Vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür”, - XİN-in bəyanatında qeyd olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Fərman Yaqublı şəhid olub.
Müdafiə Nazirliyi qeyd edib ki, hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir. “Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - nazirlikdən vurğulanır. **
E.Şəfiyev