Rəsmi Bakı Azərbaycanın Ermənistana qarşı ərazi iddialarına dair İrəvanın bəyanatlarını cəfəngiyyat hesab edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
“Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə, yaxşıdır. Lakin bu müsahibələri, sadəcə, oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır. Bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıb, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır”, - Abdullayeva Ermənistan XİN-in Azərbaycan prezidenti İlham Əliyevin AzTV dövlət telekanalına müsahibəsi ilə əlaqədar bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, postmüharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir.
“Azərbaycanın Ermənistan ərazilərini “işğal etməsi” ilə bağlı cəfəng iddiaya gəldikdə isə, prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik”, - Abdullayeva əlavə edib.
Həmçinin, o, Ermənistan tərəfinin Azərbaycanı Qarabağda humanitar vəziyyəti pisləşdirməklə bağlı ittihamlarını əsassız hesab edir.
“Hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa, məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir”, - XİN-in nümayəndəsi bəyan edib.
“Dağlıq Qarabağın statusu” məsələsinə toxunan Abdullayeva bildirib ki, “Dağlıq Qarabağın statusu” məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, “Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur”. **
N.Abbasova