Dələduzluq və mənzillərin qanunsuz satışında ittiham olunan “Konstra” MTK-nin sabiq direktoru Rusiyadan Azərbaycana ekstradisiya olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a Baş Prokurorluqdan məlumat verilib.
“Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Dilafir Rəsulovun ekstradisiyası haqqında qərar qəbul edilib”, - Baş Prokurorluqdan qeyd olunub.
Məlumata əsasən, Rəsulov “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
“Cari ilin aprel ayında Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Nəticədə, bazar günü, 25 iyul tarixində D.Rəsulov Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib”, - Baş Prokurorluqdan vurğulanıb. **
R.Əhmədov