2021-ci ilin I yarısında “Kapital Bank” ASC aktivlərini 9,3% - 5 milyard 713,775 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 2 milyard 298,813 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,6% - İF) bərabərdir. Eyni zamanda, hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 5,1% - 1 milyard 435,827 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 3% - 599,909 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 5 milyard 150,448 milyon manat (artım 12,1%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 4 milyard 410,409 milyon manata (artım 15,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 232,973 milyon manata (artım 15,5%) bərabərdir.
İyunun 30-na bankın kapitalı 563,327 milyon manat (azalma 11,2%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir.
Yanvar-iyun aylarının yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 99,772 milyon manat (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 41,5%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
A.Əzizov