Azərbaycan Prezidenti İlham Əliyev bu ilin oktyabr ayında Serbiyaya səfər edəcək. Bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç deyib.
Prezident Əliyev Serbiyaya 2011-ci ildə səfər etmişdi.
Dövlət başçısı iyulun 25-də Selakoviçi Bakıda qəbul edib.
“Serbiya XİN başçısı vurğulayıb ki, Prezident Əliyevlə danışıqlarda onun oktyabrın 10-da Belqrada edəcəyi səfər müzakirə olunub. Səfər Belqradda Qoşulmamama Hərəkatının yüksək səviyyəli iclasının açılışından bir gün əvvəl baş tutacaq”, - deyə Serbiya XİN-in saytında bildirilir.
Selakoviç Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan tərəfinin Serbiyanın oktyabrın 11-12-də Belqradda Qoşulmama Hərəkatının birinci konfransının 60 illiyinin birgə qeyd olunması təşəbbüsünü dəstəkləməsini yüksək qiymətləndirib.
“Azərbaycan Prezidenti ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən kənd təsərrüfatı, tikinti, nəqliyyat, energetika, idman, təhsil və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub”, - deyə nazir qeyd edib.*
E.Şəfiyev