2021-ci ilin I yarısında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 1,2% - 8 milyard 856,003 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımillikdə bankın kredit portfeli 3,5% - 2 milyard 700,713 milyon manata qədər, istehlak kreditləri 9,4% - 656,037 milyon manata qədər, biznes kreditləri 2,7% - 1 milyard 358,771 milyon manata qədər, daşınmaz əmlak krediti 0,1% - 685,904 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 7 milyard 376,372 milyon manata (azalma 3,4%) bərabərdir.
İyunun 30-na ABB-nin depozitlərinin həcmi 5 milyard 782,325 milyon manat (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 4,2%), o cümlədən əhalinin əmanətləri 1 milyard 209,635 milyon manat (azalma 6,3%) təşkil edib.
30 iyun 2021-ci il tarixinə bankın kapitalı 1 milyard 479,63 milyon manat (artım 11,5%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 224,478 milyon manata (dəyişməyib) bərabərdir.
ABB I yarımilliyi 148 milyon 149,78 min manat məbləğində xalis mənfəətlə başa vurub (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 25%).
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur.*
X.Nəsirzadə