Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı Ermənistandan sülh müqaviləsinin imzalanması və dövlət sərhədinin delimitasiyası prosesinin başlanması ilə bağlı təkliflərə hələ cavab almayıb.
“Azərbaycan bəzi təkliflərlə çıxış edib. Bunlar sərhədlərin delimitasiyası ilə bağlı müzakirələrə başlamaqla Ermənistanla açıq olan sərhəd məsələsinin həll edilməsi, Azərbaycan Prezidenti tərəfindən dəfələrlə səsləndirilən Bakının Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmasına dair təkliflərdir. Əfsuslar olsun ki, təkliflərimizə Ermənistandan hələ cavab almamışıq”, - deyə C.Bayramov bu gün Serbiyanın xarici işlər naziri ilə birgə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Bakı hesab edir ki, İrəvanın belə mövqeyi bölgədə sülh və tərəqqiyə, eləcə də Ermənistanın özünə zərbə vurur.
“Yeni icadlara ehtiyac yoxdur. Burada sadə formul ondan ibarətdir ki, beynəlxalq hüququn fundamental normalarına riayət edilməlidir. Azərbaycan məhz bu mövqenin tərəfdarıdır”, - deyə XİN başçısı əlavə edib.*
A.Əzizov