Prezident İlham Əliyev Elin Süleymanovun Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Müvafiq sərəncamlar bu gün dövlət başçısının saytında dərc olunub.
Prezident İ.Əliyevin digər sərəncamı ilə Xəzər İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, İ.Əliyev bu gün Xəzər İbrahimin Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının iyulun 23-də imzaladığı sərəncama əsasən, Tahir Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.*
X.Nəsirzadə