1 sentyabr 2021-ci il tarixinədək Azərbaycanda dövlət qulluqçularının ən azı 80 faizi COVID-19-a qarşı birinci doza peyvənd olunmalıdır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Operativ Qərargahın qərarına əsasən, 1 sentyabr 2021-ci il tarixinədək Azərbaycanda dövlət qurumlarının əməkdaşlarının ən azı 80 faizi COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dək isə ikinci doza peyvənd olunmalıdır”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Ş.Mövsümovun sözlərinə görə, bu tələblər mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələrinin, eləcə də elm və təhsil müəssisələrinin işçilərinə də şamil olunur.
O vurğulayıb ki, sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.
Bundan başqa, sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.*
X.Nəsirzadə, N.Abbasova, A.Əzizov