Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, hökumət quru sərhədlərin yaxın vaxtlarda açılması məsələsini müzakirə etmir.
“Yaxın vaxtlarda quru sərhədlərin açılması məsələsi müzakirə olunmur”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Ş.Mövsümovun sözlərinə görə, əvvəlki normal həyata qayıdış ancaq vaksinasiya ilə mümkündür. “Azərbaycanda 4,5 milyon adam vaksin olunub, amma heç bir təhlükə olmayıb. Biz tam əminik ki, istifadə olunan bütün vaksinlər tamamilə təhlükəsizdir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
O əlavə edib ki, vaksinasiya başlayan gündən (18 yanvar 2021-ci il) indiyədək virusdan ölənlərin 99%-i vaksin olunmayanlardır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir. Ölkə əhalisinin ən azı 70%-nin peyvənd olunması nəzərdə tutulur.
İyulun 25-nə olan vəziyyətə görə, Azərbaycanda 5 006 nəfər (19 yanvar 2021-ci il tarixinə 3032 nəfər) koronavirusun qurbanı olub.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlanıb. Hazırda yalnız bir sıra ölkələrlə çarter reyslərinin həyata keçirilməsinə icazə verilir.*
X.Nəsirzadə