“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTR) Ələt azad iqtisadi zonasının yaradılması ilə əlaqədar kabel çəkilməsi məqsədilə mal və materialların satınalınmasına 2,8 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan”ın www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Azinvest İnşaat” MMC ilə mal və materialların satınalınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri 2 milyon 831 min 457,81 manatdır.
“Baktelecom” Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 22 may 2020-ci il tarixində Bakının Qaradağ rayonunda Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi 2021-ci il 1 iyul tarixində baş tutub. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Ələt qəsəbəsində Azad İqtisadi Zonasında ilk ofis binası 2022-ci ilin mart-aprel aylarında, ofis yaşayış yerləri - iyul ayında açılacaq.
“Ələt azad iqtisadi zonası haqqında” qanuna əsasən, AİZ 2022-ci ilin iyul aylndan fəaliyyət göstərəcək. **
N.Abbasova