Bakı və Belqrad hərbi-texniki və hərbi-qitisadi əməkdaşlığı möhkəmləndirmək üzərinə işləməyi, həmçinin bu sahədə aidiyyəti qurumlar və şirkətlərlə mövcud əməkdaşlığı davam etdirmək və aktivləşdirmək niyyətindədir. Bu barədə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüş zamanı bəyan edib.
Serbiya XİN-in rəsmi saytının məlumatına görə, Selakoviç Kosovonun müstəqilliyinin tanınmaması məsələsində prinsipial mövqeyə görə Azərbaycana minnətdarlığını bildirib, eyni zamanda beynəlxalq hüquqa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət məsələsində Serbiyanın mövqeyini təsdiq edib.
Selakoviç qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq, Azərbaycan və Serbiya prezidentləri arasında çox yaxşı münasibətlər əsasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək zəruridir. **
E.Şəfiyev