“Unibank” 2021-ci ilin I yarısında aktivlərini 9,4% - 892,935 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 661,261 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,9% - İF) təşkil edib. İstehlak kreditlərinin payı 380,703 milyon manat (artım 23,5%), biznes kreditlərinin payı 222,157 milyon manatdır (artım 10,7%).
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 795,603 milyon manat (artım 10,6%) təşkil edir. Bankda depozitlər 619,092 milyon manata (artım 18,5%), əhalinin əmanətləri 521,364 milyon manata (artım 22,3%) bərabərdir.
2021-ci il iyulun 1-nə “Unibank”ın kapitalı 97,332 milyon manat (artım 0,6%), nizamnamə kapitalı 125 milyon 686,36 min manat (dəyişməyib) təşkil edir.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 915 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə azdır.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.**
A.Əzizov