Ermənistanın Azərbaycanla sərhəddə təcavüzkar əməlləri bu ölkənin regionda yeni müharibənin başlanması potensialına malik olduğunu göstərir. “Anadolu” agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
“Ermənistan tərəfinin təcavüzkar əməlləri və təxribatları yeni deyil, bu ondan xəbər verir ki, Ermənistan bu əməllərdən asanlıqla əl çəkməyəcək. Ermənistanın Azərbaycanla sərhəddə təcavüzkar əməlləri sübut edir ki, bu ölkə regionda yeni müharibənin başlanması potensialına malikdir”, - deyə Şentop bildirib.
Türkiyə parlamentinin sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlarını pisləyib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu rəsmi Bakının təklif etdiyi sülh sazişinin imzalanmasıdır.
“Bu yaxınlarda Ermənistanda seçkilər keçirildi, Paşinyan və onun tərəfdarları qələbə qazandı. Mən Ermənistan xalqının müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, müharibə yeni faciəli nəticələrə gətirib çıxaracaq”, - deyə sədr qeyd edib.*
R.Əhmədov