Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidləri qəbuledilməz hesab edir.
“Ötən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin yenidən dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginliyi artırmaq cəhdlərini davam etdirməsi bizi ciddi narahat edir. Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir”, - deyə S.Əliyevanın bəyanatında bildirilir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir.
Ombudsman Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edib.*
E.Şəfiyev