Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov münasibətlərin normallaşdırılması məsələsində Ermənistanın destruktiv mövqe tutduğunu bəyan edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir bu fikri ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı səsləndirib.
“Nazir qarşı tərəfə hazırkı post-münaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib”, - deyə məlumatda qeyd olunur.
Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan C.Bayramov qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək, iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacib olduğunu bildirib.
“Tərəflər, habelə Azərbaycan və Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri, iqlim dəyişikliyi üzrə müzakirələr aparılıb”, - deyə XİN-in məlumatında bildirilir.*
A.Əzizov