Oklahoma ştatının qubernatoru Con Kevin Stitt Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, o, bu fikri iyulun 28-də Bakıda müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə səsləndirib.
Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bugünkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qubernator Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
“Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev