“AzerGold” QSC Çovdar qızıl yatağını 2029-cu ilə qədər istismar etməyi planlaşdırır. Bu barədə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.
“İlkin planlara görə, Çovdar yatağının işlənməsi 2020-ci ildə başa çatdırılmalı idi, çünki bu sahədən qızıl ixracı üzrə potensial 200 min unsiya həcmində qiymətləndirilirdi. Lakin biz bu yataqda hasilatı nəinki dayandırmadıq, hətta dəqiq, sistemli və müasir kəşfiyyat və tədqiqatlar hesabına yatağın ixrac potensialını 597 min unsiya qızıla qədər artırdıq”, - deyə Z.İbrahimov “Real TV” telekanalına müsahibəsində bildirib.
Onun fikrincə, Çovdar yatağının ixrac potensialı daha da arta bilər, çünki şirkət işlənilən sahələrdə daim kəşfiyyat işləri aparır.
“Bu işlər nəticəsində yatağın istismar müddətini 2029-cu ilə qədər uzatdıq”, - deyə İbrahimov qeyd edib.
O, həmçinin bildirib ki, qızılın bir unsiyasının birja dəyəri $1,8 min civarındadır. “Çovdar yatağından hasil edilən qızılın bir unsiyasının maya dəyəri $700-dən bir qədər çoxdur. Bu məbləğə istismar xərclərimizlə yanaşı, digər xərclərimiz, o cümlədən bank kreditləri, kreditlər üzrə faizlər və digər müvafiq maliyyə xərcləri də daxildir”, - deyə İbrahimov bildirib.
“AzerGold” QSC-nin saytında dərc olunmuş məlumata görə, yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərin payına düşür.
“Azergold” QSC 2017-ci ildən oksid mərhələsi çərçivəsində hasilata başlayıb. Oksid mərhələsi çərçivəsində ümumilikdə 233 min unsiya qızıl və 349,5 min unsiya gümüş hasil ediləcək ki, bu da $285 milyon məbləğində gəlir deməkdir.
2022-ci ildə sulfid mərhələsinə start verilməsi gözlənilir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları ilə zəngin sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova