Dünya Bankı (DB) Ali Audit Qurumlarının Müstəqillik İndeksinin Qlobal Hesabatında Azərbaycan Hesablama Palatasını yüksək müstəqilliyi olan təşkilatlar sırasına daxil edib.
Reytinqdə 118 ölkənin ali audit orqanları yer alıb.
Hesabatın bu gün keçirilən təqdimatında DB-nin Azərbaycan üzrə meneceri Sara Maykl qeyd edib ki, bu indeks dövlət idarəçiliyinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə məsələlərində Azərbaycana faydalı olacaq.
“Yüksək reytinq həm DB-dən xarici sərmayələrin, həm də biznes-dairələrdən digər birbaşa investisiyaların cəlb edilməsi məsələsində çox vacib məqamdır. Bundan başqa, bildiyiniz kimi, DB-nin qlobal missiyası yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Bu baxımdan müəyyən ölkənin ali audit orqanının müstəqilliyi və birbaşa vəzifələrini yerinə yetirmək qabiliyyəti bizə əminlik verir ki, layihələrin həyata keçirilməsinə ayrılan vəsait təyinatı üzrə istifadə olunacaq”, - deyə Maykl bildirib.
DB-nin hesabatı 10 indikator əsasında tərtib edilib: Konstitusiya və hüquqi baza, ali audit orqanının rəhbərinin təyin edilməsi prosesinin şəffaflığı, maliyyə muxtariyyəti, auditin növləri, əməliyyat muxtariyyəti, kadrların seçilməsi müstəqilliyi, audit mandatı, auditin əhatə sahəsinin müəyyən edilməsi müstəqilliyi, sənəd və informasiyaya çıxış, auditi aparılan hesabatlar üzrə hüquq və vəzifələr.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə qeyd edib ki, Palatanın bir neçə strateji hədəfi var, onların arasında kadr potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, hesabatların hazırlanma keyfiyyətinin yaxşılaşdırılması, yeni audit metodları və vasitələrindən istifadə edilməsi yer alır. O, həmçinin deyib ki, INTOSAI İnkişaf Təşəbbüsünün (IDI) dəstəyi ilə 2021-2025-ci illəri əhatə edən Strateji Plan hazırlanıb.
Təqdimatda DB-nin dövlət maliyyə menecmenti üzrə aparıcı mütəxəssisi Srinivas Qurazada çıxış edərək Azərbaycanın 9 balla (B kateqoriyası) eyni göstəriciyə malik 17 ölkə sırasına daxil olduğunu qeyd edib.*
X.Nəsirzadə