İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“C.Bayramov E.Karvardinin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, Azərbaycanın UNICEF-lə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb”, - deyə məlumatda bildirilir.
E.Karvardin Azərbaycan ilə UNICEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxunub, ölkəmizdə həyata keçirilən layihələrdən danışıb, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E.Karvardin azad edilmiş ərazilərə səfəri zamanı oradakı dağıntıların miqyasının şahidi olduğunu bildirib. O, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin şahidi olduğunu, bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümid etdiyini vurğulayıb.*
E.Şəfiyev