Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu çərçivəsində Türkmənistan-Azərbaycan birgə İşçi Qrupunun ikigünlük iclası zamanı Xəzərdə “Dostluq” neft yatağının mənimsənilməsi layihəsinə investorların cəlb edilməsi məsələləri müzakirə olunub. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Görüşdə Türkmənistan tərəfinə “Turkmenqaz” Dövlət konserninin sədri Batır Amanov, Azərbaycanın tərəfinə - energetika naziri Pərviz Şahbazov rəhbərlik edib.
Tərəflər cari ilin mart və may aylarında keçirilən görüşlər zamanı əldə olunan razılıqların icrası məsələləri nəzərdən keçirilib. Layihənin reallaşdırılması məqsəsdilə tərəfdaşların, həmçinin investorların cəlb olunması üzrə birgə işlərin aktivləşməsinə diqqət yönəldilib.
2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib. Türkmənistan Məclisi sənədi mart ayında ratifikasiya edib. **