Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub. Regionda mövcud vəziyyət, həmçinin Azərbaycan-Ermənistan sərhədində gərginlik müzakrə olunub.
“İyulun 29-da Bayramov və Klaar telefon danışığı zamanı bölgədəki cari vəziyyəti və 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər”, - Azərbaycan XİN məlumat verir.
Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.
Öz növbəsində, Bayramov sərhəddə gərginliyin Ermənistan tərəfindən təxribatın nəticəsi olduğunu vurğulayıb.
Ermənistan tərəfi Azərbaycanın mövqelərini intensiv atəşə tutur, nəticədə 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olub, 28 iyul tarixində isə daha iki hərbi qulluqçumuzun yaralanıb. “Azərbaycan cavab tədbirləri həyata keçirir və beynəlxalq sərhədlərini qoruyur”, - nazir vurğulayıb.
XİN başçısı əlavə edib ki, Azərbaycan sərhəd gərginliyində maraqlı deyil, bütün mübahisə və fikir ayrılıqlarının siyasi-diplomatik yolla həllinə çağırır.
“Bayramov bəyan edib ki, Ermənistan belə bir məsuliyyətsiz davranışa son verməlidir və üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir”, - Azərbaycan XİN vurğulayır.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. **
X.Nəsirzadə