“Azərkosmos” ASC 2021-ci ilin yanvar-iyun aylarında peyklərin kommersiya istismarından $22 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
I yarımillikdə “Azərkosmos” tərəfindən 31 ölkəyə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ ($5,1 milyon), Böyük Britaniya ($5,1 milyon), Fransa ($4,8 milyon), Malayziya ($3,6 milyon) və BƏƏ-yə ($878 min) ixrac edilib.
Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 90%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.
“Azərkosmos” ASC 2020-ci ildə peyklərin kommersiya istismarından $45,1 milyon məbləğində gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 3,9% çoxdur.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
X.Nəsirzadə