Rusiyalı tarixçi, hüquqşünas və siyasi analitik Oleq Kuznetsov hesab edir ki, ATƏT-in Minsk qrupunda rusiyalı həmsədrin rotasiyası Moskvanın bu qrupdakı siyasətinin vektorunu dəyişməsi ilə şərtlənib.
Ötən gün məlum olub ki, İqor Xovayev ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri təyin olunub.
“ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədrinin dəyişdirilməsi göstərir ki, Kreml bu qurumu ləğv etmək niyyətində deyil - əks halda bu, 2014-cü ildən bəri müşahidə edilən beynəlxalq siyasi təcridin güclənməsi demək olardı, lakin onun fəaliyyətini daxildən bloklamaq niyyətindədir, çünki bu, onun Cənubi Qafqaz regionunda hərbi-siyasi hegemonluğunun bərqərar olmasına əngəldir”, - deyə Kuznetsov Facebook səhifəsində yazıb.
Onun fikrincə, avroatlantistlərə Avrasiya qitəsi daxilində yeni transkontinental quru ticarət yolları lazım deyil, çünki bu, onların nəzarət etdiyi dünya dəniz ticarətindən asılılığı azaldır. “Buna görə də onlara Cənubi Qafqazda daimi gərginlik ocağı lazımdır ki, regiondan yeni nəqliyyat dəhlizləri keçə bilməsin. Və bu məsələdə əlində qumbara olan sərxoş meymun rolu Ermənistana verilib”, - deyə siyasi analitik qeyd edir.
Kuznetsov hesab edir ki, indi Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədrlik vektoru tamamilə əks vektorla əvəz olunmalıdır. “Əgər əvvəllər Kremlin nümayəndəsi bu qurumun fəaliyyətini hər vəchlə təşviq edirdisə, indi hər vasitə ilə ləngidəcək, çünki ATƏT-in Minsk qrupunun statusu və Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli bəyanat bir-birinə ziddir. Bu səbəbdən yeni rusiyalı həmsədr “Madrid prinsipləri”nin reallaşdırılması üçün deyil, onların 10 noyabr tarixli bəyanatda təsbit edilmiş müharibədən sonrakı nizamlanma maraqlarına uyğun olaraq məhdudlaşdırılması üçün kurs işləyib hazırlayacaq”, - deyə rusiyalı ekspert vurğulayıb.*
A.Əzizov