Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Türkiyədən Azərbaycana ümumi çəkisi 284 qram təşkil edən zərgərlik məmulatlarının qanunsuz yolla gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı, vətəndaşa məxsus çamadanda olan şəxsi əşyaların içərisindən 80 ədəd boyunbağı və 1 ədəd üzük-sırğa dəsti aşkar olunub”, - deyə məlumatda bildirilir.
Şəxsi yoxlama zaman isə sərnişin üzərindən 1 ədəd bükümü çıxararaq gömrük əməkdaşlarına təqdim edib. Həmin bükümdə ağ rəngli metaldan hazırlanmış 118 ədəd boyunbağı aşkar olunub.
“Aşkarlanan və ümumi çəkisi 284 qram təşkil edən 198 ədəd boyunbağı və 1 ədəd üzük-sırğa dəstinin qızıldan hazırlanmış zərgərlik məmulatları olduğu müəyyənləşib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova