“KAMAZ” PSC Qarabağ bölgəsində servis mərkəzinin tikintisini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
“Azərbaycanda mövcud servis şəbəkəsi kifayət deyil. KAMAZ-da hesab edirlər ki, Azərbaycanda K5 avtomobilləri üçün servis mərkəzi tikilməlidir. Artıq Gəncə Avtomobil Zavodu ilə Qarabağda belə bir obyektin inşası ilə bağlı razılaşmalar əldə olunub”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, müvafiq layihə yaxın zamanlarda hazırlanaraq təsdiq olunacaq, bundan sonra müasir servis mərkəzinin tikintisinə başlanılacaq.
“Bu gün Azərbaycan KAMAZ üçün mühüm ixrac bazarlarından biridir. Rusiya yük maşınqayırmasının lideri tədarükü dəfələrlə artırmağa və Azərbaycanda biznesin, sənayenin və iqtisadiyyatın inkişafı üzrə qlobal hədəflərə nail olmağa kömək etməyə hazırdır”, - deyə mənbə vurğulayıb.
X.Nəsirzadə